Laboratoriya

Fizika

«Fizika» kafedrası institutun yaranmasının ilk günlərindən fəaliyyətə başlayıb. İlk illər fizika  fənnini  prof. L.S.Leybenzon  və  prof. S.N.Usatıy  tədris  etmişlər. Prof. S.N.Usatının dəvəti ilə onun şagirdi  E.B.Lapuxin 1926-cı ildə Peterburqdan Bakıya dəvət olunaraq  «Fizika»  kafedrasına rəhbərlik etmişdir.

     «Fizika» kafedrasında tədris laboratoriyalarının yaradılmasında, mühazirələrin konspektinin hazırlanmasında prof. E.B.Lapuxinin xidmətləri böyük olmuşdur. E.B.Lapuxinin tərtib etdiyi mühazirələrin konspekti azərbaycan dilinə tərcümə edilmiş və Azərbaycanda fiziklər məktəbinin yaranmasında böyük rol oynamışdır.

      1935-ci ildə E.B.Lapuxinin Peterburqa köçməsi ilə əlaqədar kafedraya prof. X.İ.Əmirxanov rəhbərlik etməyə başlayır. Prof. X.İ.Əmirxanovun rəhbərliyi altında kafedrada bərk cisimlərin istilikkeçirmə əmsalını təyin etmək üçün yeni “müstəvi” metod işlənmişdir.

     1950-ci ildə SSRİ - Elmlər Akademiyasının Dağıstan filialına rəhbər təyin olunması ilə əlaqədar olaraq prof. X.İ.Əmirxanov Maxaçkala şəhərinə köçür və kafedraya M.H.Ramazanzadə rəhbərlik etməyə başlayır. M.H.Ramazanzadənin tərtib etdiyi mühazirələrin konspekti və laboratoriya işlərinə rəhbərlik dərs vəsaitləri uzun müddət tələbələrin azərbaycan dilində yeganə vəsaiti olmuşdur.

      1987-ci ildə M.H.Ramazanzadənin vəfatı ilə əlaqədar kafedraya rəhbərlik prof. Q.T.Həsənova  həvalə edilmişdir (1988-2016-cı illər).             Bu illər ərzində kafedrada fəaliyyət göstərən tədris  laboratoriyalarının müasir avadanlıqla  təchiz  edilməsinə  nail olunmuş, bakalavr təhsil pilləsinin  baza və işçi proqramları yaradılmış, tələbələrin dərslik və dərs  vəsaitləri  ilə təminatı xeyli yaxşılaşdırılmışdır. 

       «Fizika» kafedrasının son 10 ildə elmi-tədqiqat işlərinin istiqaməti zamanın müasır tələblərinə uyğunlaşdırılmışdır. Kafedrada “Maddələrin fiziki xassələrinə kənar amillərin təsiri”  mövzusu iki iş adında icra olunur.

1. Mayelərin istilik fiziki və optik xassələrinə kənar amillərin təsiri.

2. Yaylı kristallar əsasında yaradılan strukturların fotoqalvanik xassələrinin anizotropluğu, ona termik işləmənin təsiri.

      Enerjinin və impulsun saxlanma qanunları tətbiq olunaraq, mayelərin və bərk cisimlərin fiziki parametrlərini tədqiq etmək üçün yeni metodlar işlənmişdir. Layvari yarımkeçirici birləşmələrdə qeyri-xətti optik proseslər tədqiq olunmuş və həmin kristalların kvant elektronikasında tətbiqi müəyyənləşdirilmişdir. Kafedranın əməkdaşları tərəfindən hər il 20-dən çox elmi məqalə çap olunur, beynəlxalq konfranslarda məruzə ilə çıxış edirlər. Həmin illərdə kafedrada bir namizədlik və üç doktorluq dissertasiyası müdafiə olunmuşdur.

      2016 - cı il sentyabr  ayından “Fizika”  kafedrasına  rəhbərlik  ADNSU - nin rektorunun  əmri ilə kafedranın  professoru  M.A.Musayevə

  .

həvalə  olunmuşdur. Keçən müddət ərzində kafedranın laboratoriya bazası xeyli genişləndirilmiş və bütün kursu təmin etməyə imkan verən 6 laboratoriya yaradılmışdır. Tədris proqramları yenidən işlənmiş və nəşr etdirilmişdir. Bakalavr təhsil pilləsi üçün yeni dərs vəsaitləri işlənib hazırlanmış və nəşr etdirilmişdir. ADNSU ilə AMEA-nın “Fizika” institutu arasında bağlanmış müqaviləyə əsasən elmi əməkdaşlıq xeyli canlandırılmışdır. Kafedranın BDU-nun “Fizika” kafedrası, AMEA-nın “Radiasiya problemləri” institutu ilə əməkdaşlıq səviyyəsi də xeyli yüksəlmişdir. Bu müddət ərzində kafedraya 4 yeni doktorant cəlb edilmiş, kafedranın elmi seminarlarında fəlsəfə və elmlər doktoru dissertasiyası müzakirə edilərək rəy verilmiş, kafedra əməkdaşları tərəfindən bir sıra dissertasiya işlərinə rəsmi opponentlik edilmişdir.

      Kafedranın əməkdaşları tərəfindən  1 dərslik və 10-dan çox dərs vəsaiti, çoxsaylı elmi məqalələr ( o cümlədən nüfuzlu xarici elmi jurnallarda) çap etdirilmişdir.

      Hər il  Bakı Şəhər Təhsil idarəsi ilə bərabər  ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri üçün təşkil olunan fənn olimpiadalarında kafedranın əməkdaşları fəal iştirak edir.

       Kafedra Rusiya Federasiyasının Dubna şəhərində yerləşmiş  Nüvə Tədqiqatları İnstitutu ilə əlaqə saxlayır. Eyni zamanda kafedranın əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyasının “Fizika” və Radiasiya Problemləri İnstitutu ilə də əməkdaşlıq edirlər. Kafedra Ukraynanın Lvov şəhərindəki Fiziki Optika İnstitutu, Sankt-Peterburq S.İ.Vavilov adına Dövlət Optika İnstitutu və Nijni-Novqorod Q.Q.Devyatıx adına Yüksək təmizliyə malik maddələr kimyası institutu ilə elmi əlaqələr yaratmış və ADNSU ilə qeyd olunan İnstitutlar arasında əməkdaşlıq müqavilələrinin imzalanmasını təşkil etmişdir. 

        Kafedra Çex respublikasının Praqa Texniki Universitetinin nəzdnindəki Tətbiqi Fizika İnstitutu ilə də əməkdaşlıq edir.

 Hal–hazırda « Fizika » kafedrasında 7 elmlər doktoru- professor, 13 elmlər namizədi- dosent, 1 baş müəllim, 3 assistent fəaliyyət göstərir.

      “Fizika” kafedrası,  “İqtisadiyyat, beynəlxalq iqtisadi münasibətlər və Menecment”  fakültəsi istisna olmaqla, digər fakültələrin ixtisasları üzrə müvafiq olaraq “Fizika”, “Fizika-1”, “Fizika-2”, “Fizikanın əsasları”, “Tətbiqi fizika” və “Elektrodinamika və radiodalğalar” fənnlərini tədris edir.